Ramil Usubov: "Qadın və qızlarımız baş örtüyündən istifadədə sərbəstdirlər"
28 Yanvar 2011 Cümə 13:25
Ramil Usubov: "Vətəndaşlarımız baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır".
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov son vaxtlar gündəmə gələn hicab probleminə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, nazir "Azərbaycan" rəsmi dövlət qəzetinə müsahibəsində "Son vaxtlar müəyyən dairələrin baş örtüyü məsələsi ilə bağlı süni problemlər yaratmaq istiqamətində fəallığı müşahidə olunur. Prosesi izləyən ekspertlərin qənaətincə, bu ajiotajın müəllifləri ölkəmizdə dini durumu qərəzli şəkildə gərginləşdirməklə ictimai sabitliyin pozulmasına çalışırlar..." sualına aşağıdakı kimi cavab verib:

"Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik bu gün hər bir vətəndaşımız üçün müstəqilliyimiz qədər əzizdir. Onun qorunması, möhkəmləndirilməsi və əbədiliyi naminə böyük fədakarlıqlar ortaya qoyulub.

Aidiyyəti dövlət orqanları bu gün də vətəndaşlarımızın dinc həyatını təmin edən siyasətin keşiyində sayıqlıqla durublar. Gizli deyil ki, müstəqilliymizi istəməyən, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsindən əndişələnən müəyyən xarici qüvvələr və onların daxildəki əlaltıları dövlətimizi sarsıtmağın yeganə yolunu sabitliyi zəiflətməkdə görürlər. Amma unudurlar ki, bu sabitlik xalqın məhz Heydər Əliyev siyasi kursuna sədaqəti və Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə dəstəyi əsasında mövcuddur. Respublikamızda ictimai-siyasi sabitliyin gücü xalqın öz Prezidentinə etimadı ilə müəyyənləşir. Bu etimad isə ən yüksək səviyyədədir! Demək, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz! Şübhəsiz ki, nailiyyətlərimiz artdıqca, ölkəmiz daha da inkişaf etdikcə bədxahlarımız da yerlərində dayanmır, müxtəlif məkrli ssenarilər üzərində baş sındırırlar. Ancaq antiazərbaycançı şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Bununla belə, mövcud demokratik şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dini qruplar xarici havadarlarının təhriki ilə ölkəni sivil, dünyəvi inkişaf yolundan döndərməyə cəhdlər göstərirlər. Lakin respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sayıqlığı nəticəsində bu əməllər və məkrli niyyətlər ifşa olunmuş və müvafiq tədbirlər davam etdirilir. Xüsusi vurğulamaq istərdim ki, çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər.

Bu mövzuda son vaxtlar ölkəmizdə geniş ictmai müzakirələr açılır. Sevindirici haldır ki, vətəndaşlarımız baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır. Problemin məğzini və haradan qaynaqlandığını dərk edir. Fürsətdən istifadə edərək, bu barədə öz vətəndaş mövqeyimi də bildirmək istərdim. Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir.

Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı bir dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni bir iddia ortaya atıblar: orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır.
Digər tərəfdən, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir. Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar