Ramil Usubov Metyu Brayzanı qəbul edib
11 Mart 2011 Cümə 22:21
Nazir Qarabağ münaqişəsinin bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə mənfi təsir göstərdiyini deyib
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 11-də ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzani qəbul edib. DİN mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonağı səfir təyin olunması münasibətilə təbrik edən nazir bu təyinatın Azərbaycanla Amerika arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcəyinə əmin olduğunu bildirib.

Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğunu xatırladıb, xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd edib.

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

O da qeyd olunub ki, Azərbaycanda kriminogen durumun nəzarət altına alınması, ölkə vətəndaşlarının və xarici investorların təhlükəsizliyinin təmin olunması üçün prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülüb.

Nazir Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bütövlükdə bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinə də mənfi təsir etdiyini diqqətə çatdırıb.

Səfir Metyu Brayza səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar