Ramil Səfərov Azərbaycana ekstradisiya oluna bilər
04 Mart 2011 Cümə 13:26
Macarıstan səfərindən qayıdan Xələf Xələfov buna ümid etdiyini bildirib
Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan zabiti Ramil Səfərov ekstradisiya oluna bilər. Macarıstan səfərindən qayıdan xarici işlər nazirinin müavini Xələf Xələfov, Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələnin həllinə ümid etdiyini bildirib.
“Bu məsələyə Azərbaycan və Macarıstanın da üzv olduğu Avropa Şurası çərçivəsində hüquqi yardım konvensiyası çərçivəsində baxıla bilər. Konkret bu məsələnin qaldırıldığı təqdirdə Macarıstan tərəfi bu məsələyə baxacaq”, - deyə nazir müavini bildirib.
Xələf Xələfovun sözlərinə görə, son zamanlarda Macarıstanla Azərbaycan arasında münasibətlər yaxşılaşır. Bunun sübutu kimi bir neçə gün əvvəl bu ölkənin xarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Nazir müavininin sözlərinə görə, həmçinin ilin sonuna kimi Bakıda dövlətlərarası komissiya iclasının keçirilməsi nəzərdə tutulub, amma bu görüşlərin heç birində Ramil Səfərov məsələsi müzakirə olunmayacaq.
“Onun hökümətlərarası komissiyaya aidiyyəti yoxdur. Bu fərdi bir işdir. Yəni Azərbaycan hüquq-mühafizə orqanları, xüsusi ilə də ekstradisiya məsələlərinə cavabdeh olan Ədliyyə Nazirliyi bu məsələlərə baxır. Və imkan yarandığı təqdirdə bu məsələ həllini tapacaq”, - deyə Xələf Xələfov vurğulayıb.
Xatırladaq ki, 34 yaşlı Ramil Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Macarıstanda ömürlük həbs cəzası alan Ramil Səfərov macar dilindən Azərbaycan dilinə əsər də tərcümə edib. Tanınmış macar yazıçı Maqda Sabonun “Qapı” romanı macar dilindən Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. Ramil Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Ramil Səfərov tərcüməçi kimi yazdığı ön sözdə macar və Azərbaycan xalqlarının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib.
DOSTLARINLA PAYLAŞ: