Rahat lukum istehsalçısı cərimələndi
26 Noyabr 2010 Cümə 17:50
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Turan Günəşə 555 manat maliyyə sanksiyası tətbiq edilib
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə rahat lukum istehsalı ilə məşğul olan Turan Günəş barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə Turan Günəşə 555 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, Dövlət Xidməti istehlak bazarında yoxlamalar zamanı Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 4 ünvanında Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 527 kq “Güneş Kardeşlər” adlı rahat lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və həmin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə saxlama müddəti ötmüş 123,9 kq qənnadı məhsulları, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan 125 kq paxlava, rahat lukumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 2500 ədəd qablaşdırma materialları aşkar etmişdi. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, rahat lukumun istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilmiş bu malların ticarət şəbəkəsindən geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş qablaşdırma materiallarından istifadənin dayandırılması, habelə mənşəyi bəlli olmayan paxlavanın, saxta rahat lukumun və saxlama müddəti ötmüş qənnadı məhsullarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilməsi barədə Turan Günəşə icrası məcburi göstəriş verilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar