Qusarda unun qiyməti bahalaşıb
13 Avqust 2010 Cümə 22:55
Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur.
Ölkədə kifayət qədər taxıl və un ehtiyatının olduğu barədə xəbərlər yayıldığı bir vaxtda Qusarda unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə rayonda unun qiyməti 18 faiz bahalaşıb. Alıcıların sözlərinə görə, 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 3 manat baha satılır.

Unun bahalaşmasını satıcılar da təsdiqləyir. Üç gün əvvəl 50 kiloqramlıq əla növ unun bir kisəsinin 16 manata satıldığını deyən satıcılar bahalaşmanı topdansatış mərkəzlərində qiymətlərin artması ilə izah edir.

Satıcı Mübariz Abgülov bildirib ki, rayonda unun qiyməti yenə qalxacaq. Bundan başqa çörəyin bahalaşacağı da istisna deyil.

Unun bahalaşmasına baxmayaraq hələlik çörəyin qiyməti və çəkisində dəyişiklik müşahidə olunmayıb. Ölkənin əsas dəyirmanlarında isə unun bahalaşmasını taxılın alış qiymətinin artmasi ilə əlaqələndirirlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə ölkədə taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörəyin və unun qiymətinin gündəlik monitorinqini aparır. Nazirlikdən verilən məlumata görə, monitorinqlər nəticəsində indiyədək çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib.

Araşdırmalar zamanı un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım müşahidə edilməsə də, bəzi pərakəndə satış obyektlərində 50 kq-lıq bir kisə əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə olunub. Dövlət Xidməti xəbərdarlıq edir ki, süni qiymət artımına yol verənlər barədə ciddi tədbirlər görüləcək. Kənd Təsərrüfatı Nazirliyi isə ölkədə kifayət qədər taxıl və un ehtiyatı olduğunu və bahalaşma üçün ciddi səbəb olmadığını bəyan edib.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar