"Qusar-1" SES-in təməli qoyulub mərasimi
12 Avqust 2010 Cümə Axşamı 20:15
Təməlqoyma mərasimində prezident İlham Əliyev iştirak edib
Prezident İlham Əliyev bu gün “Qusar-1” su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev prezident İlham Əliyevə məlumat verərək bildirib ki, dövlət başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan edib. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması “Azərenerji” ASC-yə tapşırılıb.
Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Layihənin əsas komponentləri haqqında dövlət başçısına ətraflı məlumat verilib. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçiriləcək. Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaq.
Dövlət başçısı inşaatçıları və energetikləri təbrik etdi, onlara tapşırıq və tövsiyələrini verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: