Qəzetlərin əksəriyyəti «Azərbaycan» Nəşriyyatına borcunun bir qismini ödəyib
11 Avqust 2010 Çərşənbə 17:10
Bir sıra qəzetlər «Azərbaycan» Nəşriyyatına olan borcunu ödəyib.
Gündəlik çap olunan «Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev APA-ya açıqlamasında 2005-ci ildən yığılan 17 min manatlıq borcun təxminən yarısını ödədiklərini bildirib: “Pulu iyulun axırında ödədik. Ancaq bu, prezident İlham Əliyevin qəzetlərə ayırdığı puldan deyildi, başqa mənbədən oldu. Hesab edirəm ki, prezidentin ayırdığı puldan borc ödəmək düzgün olmazdı».

A. Quliyev qalan borcu hissə-hissə ödəyəcəklərini əlavə edib.

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə qəzetin 16 min manat borcu olduğunu, prezidentin ayırdığı 20 min manatdan onun yarısını ödədiklərini deyib: «Borcun yarısını ödədik, bir az sakitlik yarandı. Aldığımız 20 min manatın 8 minini ora verdik, qalanını da vergi, sosial və digər borclara ödədik».

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı «Azərbaycan» Nəşriyyatına olan borclarının məbləğini açıqlamasa da, borcun 50%-ni ödədiklərini bildirib: «Qalan borcu da hissə-hissə ödəyəcəyik. Hazırda nəşriyyatla problemimiz yoxdur».

«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay da nəşriyyata olan borcun məbləğini açıqlamayıb: «Prezidentin ayırdığı yardımla borcun bir hissəsini - bir neçə min manatını ödədik. Qalan məbləği də ödəyəcəyik».

«Azərbaycan» Nəşriyyatının direktor müavini Bəsti İsmayılova da APA-ya deyib ki, bir neçə gün öncə borc səbəbindən nəşriyyata buraxılmayan «Azadlıq» qəzeti də daxil olmaqla, əksər qəzetlər borclarının nəzərəçarpacaq hissəsini ödəyib: «Kimə xəbərdarlıq olunmuşdusa, əksəriyyəti ödəyib. Düzdür, ödəməyənlər də var. Ancaq biz ümumi məxrəcə gəlmişik, ona görə həmin qəzetlər də çap olunur. Hazırda nəşriyyatla problem yaşayan qəzet yoxdur». APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar