Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib
13 Noyabr 2010 Şənbə 14:35
16-17 noyabr tarixlərində qurban kəsmək və bayram namazı qılmaq məqbuldur.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Müqəddəs Qurban bayramı münasibətilə QMİ və onun rəhbərliyi Azərbaycan xalqını, eləcədə bütün müsəlmanları təbrik edib, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, fətvada bildirilir ki, Allah-Təala Qurani-Kərimdə Qurban barədə belə buyurub:

"Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman. Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"(əs-Saffat surəsi, 103-110 ayələr).

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.

Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin.

Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”. (“İləluş-Şəraye” səh. 437).

Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 16-17 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur.

Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.

İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar