Qarakənd faciəsindən 19 il ötür
20 Noyabr 2010 Şənbə 02:10
Üstündən on doqquz il keçməsinə baxmayaraq, hələ də hadisə ilə bağlı qaranlıq məqamlar qalır
18 il bundan əvvəl 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq Kazım oğlu İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qayıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Hacıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, DQMV prokuroru İqor Aleksandroviç Plavski, DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vladimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu Hüseynzadə, videooperator Fəxrəddin İbrahim oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi Vladimiroviç Domov, Dmitri Borisoviç Yarovenko həlak olublar.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqləndi.

Üstündən on doqquz il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir helikopterdə toplanıb? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi helikopter müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi? Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi. Helikopterin vurulduğu raketin mənbəyi də məlum deyil. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü "Alazan" raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin "yanması" da qaranlıq məsələdir.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar