Qarabağda yeni bir partlayışa yol verməməliyik
04 Fevral 2011 Cümə 11:40
Litvanın XİN rəhbəri Audronyus Ajubalis Moskvada bəyanat verib
“Dağlıq Qarabağdakı gərginliyin yeni bir partlayışa səbəb olmasına yol verilməməlidir”. Bunu Rusiyada səfərdə olan Litvanın xarici işlər naziri, ATƏT -in sədri Audronyus Ajubalis bəyan edib.

“Mən həmkarlarımla görüş zamanı hiss etdim ki, hamı həqiqətən də vəziyyətdən çox narahatdır. Vəziyyət heç bir dövrdə asan deyil. Amma vəziyyət həqiqətən də gərginləşir. Böyük dövlətlərdən, böyük oyunçulardan heç biri bölgədə partlayışın olmasını istəmir. Son zamanlar Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasındakı görüşləri bölgədəki gərginliyi azaltmaq baxımından əhəmiyyətli cəhdlər kimi qiymətləndiririk".

O, keçirdiyi mətbuat konfransında yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb.

"Dağlıq Qarabağ münaqişəsini mən bu yaz Azərbaycana və Ermənistana səfərimdə müzakirə edəcəyəm. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların Minsk qrupu çərçivəsində aparılmasını dəstəkləyirik. Münaqişənin sülh yolu ilə həlli üçün etimad mühitini möhkəmləndirməyə çalışacağıq. Ən vacib məsələ odur ki, vəziyyətin gərginləşməsinə imkan vermək olmaz. Bu gərginlik xüsusilə 1 ildir ki, artır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatıq”, -deyə Audronyus Ajubalis bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar