Qarabağ probleminin həlli mənim üçün prioritet olacaq
02 Fevral 2011 Çərşənbə 10:20
ABŞ-ın Azərbaycandakı səfiribu həftə Bakıya yola düşəcək
“Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet məsələ olacaq”. Səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə belə deyib.
Diplomat qeyd edib ki, Azərbaycan və ABŞ arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacaq.
ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata əsasən, tədbirdə Palatanın əməkdaşları, səfir Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
ABŞ-ın Azərbaycandakı yeni səfirinin andiçmə mərasimi ötən həftə Dövlət Departamentində keçirilib. Obama hakimiyyətinin ölkəmizlə münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirərək andiçmə mərasimində dövlət katibi Hillari Klinton şəxsən iştirak edib.
Xatırladaq ki, ötən ilin mayında Mətyu Brazaynın Bakıya səfir namizədliyini irəli sürən Prezident Barak Obama Senatın qərarını gözləmədən bir ay əvvəl “tətil təyinatı” səlahiyyətindən istifadə edərək onu vəzifəsinə təsdiqləyib. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi bir il yarım idi ki, vakant qalırdı.
DOSTLARINLA PAYLAŞ: