Qanunsuz orqan transplantasiyası həyata keçirilibmiş
24 Noyabr 2010 Çərşənbə 15:35
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu barədə birgə məlumat yayıblar
Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyi məlum olub. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri bu barədə birgə məlumat yayıblar.

Məlumata görə, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində ABU-nun tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər.

Ukrayna DİN tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Müəyyən olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozmuş, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar.

Məhkəmənin qərarına əsasən tibb mərkəzində aparılmış axtarış zamanı üzərlərində transplantasiya əməliyyatları həyata keçirilmiş donor və resipiyentlərin tibbi sənədləri aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı həmçinin o da müəyyən edilib ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün muvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməyib. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılıb.

Eyni zamanda, Nazirlik tərəfindən aparılmış yoxlamalarla digər özəl və dövlət tibb müəssisələrində belə qanunsuz cərrahiyyə əməliyyatlarının aparılması halları aşkar edilməyib.

İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar