Qafqazın ən böyük tortu kəsildi
24 Dekabr 2010 Cümə 14:40
İlham Əliyevin ad günü münasibəti ilə hazırlanan tortun uzunluğu 49 metr olub
Bu gün ölkə prezidenti İlham Əliyevin ad günü münasibətilə Gəncə şəhərində yerli icra hakimiyyəti və şəhərin iş adamlarının hazırladığı 49 metrlik tort kəsilib. Artıq bir aya yaxındır ki, bişirilən, çəkisi 12 ton, uzunluğu 49 metr olan tort səhər saat 11-də Gəncənin mərkəzi meydanında kəsilib və əhaliyə paylanıb.
Mərasimdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. O, şəhər əhalisini prezidentin 49 yaşının tamam olması, qarşıdan gələn Yeni il və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Qafqazın ən böyük tortunun ötən ilkindən bir metr uzun - 49 metrdir. O, tərtibatının qeyri-adiliyinə görə də fərqlənir. Şirniyyatçıların bildirdiyinə görə, tortun hazırlanması üçün təxminən 2 ton un, 29 min yumurta, 350 litrə qədər süd, 350 kq qatılaşdırılmış süd, 400 kq-a yaxın qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem şanti, 400 kq karamel sərf olunub. Tort üçün həmçinin 60 ədəd şəkil, müxtəlif fiqurlar hazırlamaq üçün 40 kq xüsusi xəmir, 100 kq saxarin və 400 kq bişmiş xəmiri təzə saxlayan xüsusi maddə istifadə edilib.
DOSTLARINLA PAYLAŞ: