Prezident ARDNŞ rəhbərliyi ilə görüşüb
24 Noyabr 2010 Çərşənbə 18:55
İlham Əliyev "Ümid" qaz yatağının açılmasını mühüm hadisə adlandırıb
Bu gün prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Artıq xeyli vaxt idi Dövlət Neft Şirkətinin “Ümid” yatağında kəşfiyyat işləri apardığını deyən prezident İlham Əliyev bildirib ki, mütəxəssislərimizin dənizdə kəşfiyyat işlərinə cəlb olunmasının özü mühüm hadisədir. Azərbaycanın dünya enerji sistemində mövqelərinin möhkəmləndiyini və tərəfimizdən irəli sürülən təşəbbüslərin bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxardığını deyən prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin neft-qaz sahəsində əldə etdiyi uğurlar dünyada yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev dəniz yataqlarına qoyulan investisiyaların xüsusi əhəmiyyətə malik olduğunu, Dövlət Neft Şirkətinin təşəbbüsü ilə “Ümid” yatağında kəşfiyyat işlərinin aparılmasının da növbəti uğurlarımızdan olduğunu diqqətə çatdırıb. “Bu hadisə bir daha göstərir ki, Azərbaycan təkcə neft yox, həm də qaz ölkəsi kimi tanınır” deyən prezident İlham Əliyev “Ümid” yatağının işlənilməsi nəticəsində Azərbaycanın qaz potensialının daha da artacağını, bu yatağın böyük gələcəyinin olduğunu bildirib.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Ümid” yatağının kəşfiyyat işləri və perspektivləri barədə məlumat veriblər. Bildirilib ki, Bakıdan 70 kilometr məsafədə yerləşən “Ümid” yatağındakı qaz ehtiyatları proqnozdan daha çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar