Polad Büldüloğlunun Moskvadakı hadisələrə münasibəti
17 Dekabr 2010 Cümə 00:15
“Bu günlər çılpaqlığı ilə üzə çıxmış qarşıdurma problemi ilk baxışdan göründüyündən daha dərin, geniş və ciddidir”
Cənubi Qafqazda terrorun, ekstremizmin və zorakılığın kəskinləşməsinin təzahürləri Moskvaya da çatıb. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Büldüloğlu Moskvada “Xalq diplomatiyasının beynəlxalq humanitar əməkdaşlığın inkişafında rolu” mövzusunda Beynəlxalq İctimai Forumdakı çıxışında deyib. Diplomat Moskvanın Manejnı meydanında baş vermiş hadisələri xatırladıb. O, xəbərlər buraxılışlarını diqqətlə izlədiyini bildirib: “Etiraf edirəm ki, milisin qarşıdurmanı yatırması barədə hay-küylü reportajları anlaya bilmirəm. Vəziyyəti bir gün, bir həftə, bir ay nəzarət altında saxlamaq olar. Lakin millətlərarası razılığı süngü gücünə əldə etmək mümkün deyil. Buna görə də deməliyəm ki, bu günlər çılpaqlığı ilə üzə çıxmış qarşıdurma problemi ilk baxışdan göründüyündən daha dərin, geniş və ciddidir. Odur ki, bu ağılsız qəzəb və zorakılıq dalğasının qarşısını qətiyyətlə almaq, bu çətin vəzifələrin həllini gələcək nəsillərə saxlamaq lazım deyildir. Bunu isə yalnız bütün elitar təbəqələrin - siyasi, intellektual və konfessional təbəqələrin səylərini birləşdirməklə etmək mümkündür. Hər birimiz könüllü olaraq sülh və əmin-amanlıq səfiri, etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq bütün insanların bərabər hüquqlarının carçısı olmalıyıq”.
DOSTLARINLA PAYLAŞ: