Pensiya artımı hamı üçün olmayacaq
16 Fevral 2011 Çərşənbə 15:28
“Bu artım ortalama götürsək, 617 min nəfər üçün 2,5 manat olacaq”
Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı 1 milyon 300 min nəfərə yaxın təqaüdçüdən 617 min nəfərə şamil olunacaq. ANS TV-nin məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
S. Müslümovun sözlərinə görə, Bakı, Sumqayıt və Naxçıvanda yaşayan pensiyaçılar artımı 3 ay olmaqda martda, ölkənin digər ərazilərində yaşayanlar isə 2 ay olmaqla bu ay alacaq. Artım ortalama 617 min nəfər üçün 2,5 manat təşkil edəcək.
“Amma bu artım hər bir adam üçün olmayacaq. Bu, pensiyanın sığorta hissəsinin məbləğinə bağlıdır. Əgər pensiyanın sığorta hissəsi 100 manatdırsa, deməli, artım 5,7 manat olacaq. Bu faizlə olan bir artımdır”, deyə S. Müslümov qeyd edib.
Fond sədri bildirib ki, artım avtomatlaşdırılmış şəkildə hesablanacaq: “Bunu əllə və ya hər hansı rayon şöbəsinin işçisi hesablamayacaq. Yəni artım kiməsə az, kiməsə çox hesablanmayacaq. Burada hər hansısa əyinti ola bilməz. Çünki sabit rəqəm var və sistemi özü pensiyanın sığorta hissəsini 5,7 faizə vurub, artımı hesablayacaq”.
DSMF sədri qeyd edib ki, artımların maliyyələşdirilməsində problem olmayacaq.
DOSTLARINLA PAYLAŞ: