Pensiya alanlara müjdə
05 Mart 2011 Şənbə 23:31
Martdan etibarən pensiyaçılar təqaüdlərin köçürülməsi haqda SMS vasitəsilə məlumatlandırılacaqlar.
Dövlət Sosial Müdafiə Fondu avtomatlaşdırılmış pensiya islahatları çərçivəsində mart ayında növbəti yenilik tətbiq edəcək. Fondun sədri Səlim Müslümovun sözlərinə görə, bu aydan başlayaraq Bakı, Sumqayıt və Abşeronda yaşayan pesiyaçılar təqaüdlərin onların kartına köçürülməsi barədə SMS vasitəsilə məlumatlandırılacaq: “Mobil telefonlar üzrə məlumatlar toplanır. Telefonu olmayanların yaxınlarının telefonları toplanır. Beynəlxalq Banka pensiya alanın hesabına pul köçürülməsi haqda məlumat verilməsinə dair təlimatlar veriləcək. Bu məlumatı alanlar ondan əvvəl bankomatlara getməyə ehtiyac duymayacaq”.
Ölkənin digər regionlarında isə bu cür xidmət bir qədər sonra tətbiq olunacaq. Ölkədəki pensiyaçıların əksəriyyətinə xidmət göstərən və səhmlərinin yarıdan çoxu dövlətə məxsus Beynəlxalq Bankın şöbə müdiri Rauf Ağayevin sözlərinə görə, onlar plastik kart sahiblərinə 1 ilə yaxındır sms xəbərdarlıq xidməti göstərirlər.
Bu xidmətə qoşulmaq istəyən kart sahibləri bankın yerli filiallarına müraciət etməlidir. Pensiyaçıların sms xəbərdarlıqdan istifadəsi üçünə xüsusi proqram təminatı hazırlanıb və qoşulma prosedurları sadələşdirilib.
Rauf Ağayev bildirib ki, pensiya alan şəxs “194” və ya ulduz (*) telefonuna zəng vurub həmin xidmətə asan formada qoşula bilər. Evdən çıxmadan ona öncədən məlumat dərhal daxil olur. Bununla o, gedib-getməməsini dəqiq müəyyən edəcək. Beynəlxalq Bankın şöbə müdiri həmiçnin sms xəbərdarlıq üçün ayda cəmi 10 qəpik xidmət haqqının tutulacağını bildirib.
Dövlət sosial müdafiə fondunun sədri S. Müslümov isə deyib ki, sms-in pulunu pensiyaçılar yox, fond özü ödəyəcək. Qeyd edək ki, indi Azərbaycanda 1 milyon 300 min nəfərə yaxın pensiyaçı var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: