Paytaxtda avaralıq və dilənçilik edən 6 nəfər saxlanılıb
03 Avqust 2010 Çərşənbə Axşamı 16:45
Həmin şəxslər inzibati qaydada həbs olunublar.
Ötən gün paytaxtda dilənçilik və avaralıqla məşğul olan altı nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, həmin şəxslər Bakının Səbail, Nizami və Yasamal rayonlarının ərazilərində saxlanılıblar. Səbail RPİ-nin 39-cu polis bölməsi, Nizami RPİ və Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılan şəxslər Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 307-1. maddəsinə görə, avaralıqla məşğul olmağa görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi yetərli sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir.

Qanunvericiliyə əsasən avaralıqla məşğul olan dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar