Parlamentin fövqəladə sessiyası işini başa çatdırıb
22 İyun 2010 Çərşənbə Axşamı 17:50
Milli Məclisdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi mükəmməl hazırlandığı üçün onun üzərində ciddi iş aparamağa ehtiyac olmayıb.
Spiker Oqtay Əsədov deyib ki, qanun layihəsinin ikinci oxunuşdan sonra, dərhal üçüncü oxunuşda da səsə qoyulması ilə bağlı təkliflər var: “Mən də bu təklifin tərəfdarıyam” .
Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilib.
İclasda, “Azərbaycanla Vyetnam arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş”in təsdiq edilməsi, “Azərbaycan və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-ın Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında Saziş”in təsdiq edilməsi məsələləri də səsə qoyularaq qəbul edilib. Bundan sonra “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə”nin təsdiq edilməsi, “Olimpiya simvolunun qorunması haqqında Nayrobi Müqaviləsinə qoşulmaq barədə” sənəd, “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktı”na qoşulmaq barədə sənəddə təsdiqlənib. Deputatlar Qax, Zaqatala rayonunlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən “Azərbaycan bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi ilə bağlı qanun layihələrini də qəbul ediblər.
Sonda “İnvestisiya fondları haqqında” qanun layihəsi birinci oxunuşda, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi də ikinci və üçüncü oxunuşda qəbul edilib.
Bununla da parlamentin fövqəladə sessiyası işini başa çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar