Ötən il Bakıda 11 minə yaxın cinayət baş verib
18 Yanvar 2011 Çərşənbə Axşamı 02:25
Bakı Şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətiin məlumatına görə, müşavirədə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Ramil Usubov bildirib ki, respublikanın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində DİN-in və onun ayrı-ayrı strukturlarının mühüm rolu var. Bu nailiyyətlərin əldə olunmasında DİN-in əsas strukturlarından olan BŞBPİ-nin də xüsusi xidmətləri olduğuna diqqət yetirən nazir ötən müddət ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının yüksək səviyyəyə çatdığını, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib, bu istiqamətdə lazımi tədbirlərin bundan sonra da görüləcəyini deyib.

BŞBPİ rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, həyata keçirilmiş bu və digər tədbirlər sayəsində, paytaxtda cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müəyyən müsbət nəticələr əldə edilib, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin olunub. Belə ki, 2010-cu ildə Bakı şəhərində baş vermiş cinayətlərin sayı 1,6 faiz azalaraq ümumən 10.612 cinayət təşkil edib ki, onların da 86,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,3 faizi ağır və xüsusilə ağır cinayətlərdir.

Qabaqlayıcı-profilaktiki tədbirlərin daha səmərəli təşkili nəticəsində 2009-cu illə müqayisədə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin sayı 7,8 faiz, o cümlədən quldurluqlar 7,7 faiz, soyğunçuluqlar 19,8 faiz, zorlamalar 6,5 dəfə, adam oğurluqları 7 dəfə, habelə şəxsi əmlak oğurluqları 1,3 faiz, dələduzluqlar 6,3 faiz azalıb. 2010-cu ildə icraatda olmuş cinayət işləri üzrə cinayətlərin 79 faizinin, o cümlədən onların ağır növlərinin 75,9 faizinin açılması təmin olunub, qəsdən adam öldürmələrin 97 faizi, ölümə qəsdlərin 94,7 faizi, zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 94,8 faizi açılıb. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin açılması 12,3 faiz, qəsdən sağlamlığa xəsarət yetirmələrin açılması 5,5 faiz, dövlət və bələdiyyə əmlakı oğurluğu cinayətlərinin açılması 13,6 faiz yaxşılaşıb. Cinayətə meylli şəxslər ətrafında əməliyyat tədbirləri genişləndirilib, 96 quldurluq və soyğunçuluq törətmiş 91 nəfərdən ibarət 35 cinayətkar qrup, 38 mənzil oğurluğu törətmiş 52 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilib. Cinayət məsuliyyətindən yayınan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, axtarışda olanların 71,8 faizinin, o cümlədən ötən illərdən axtarılan 94 nəfərin tutulması təmin olunub, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən illə müqayisədə cari ilin əvvəlinə olan qalıq 23 nəfər azalıb.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində hesabat dövründə qanunsuz dövriyyədən 138 kiloqramdan artıq narkotik vasitə çıxarılıb, belə fəaliyyətlə məşğul olan 56 cinayətkar qrup ifşa olunub, 2009-cu illə müqayisədə cinayətkarlardan daha çox tiryək və heroin götürülüb. Paytaxtda ictimai asayişin mühafizəsi və əmin-amanlığın təmin edilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Post-patrul xidmətinin əməkdaşları tərəfindən qanunsuz aksiyaların qarşısı alınıb, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirdə ictimai asayiş yüksək səviyyədə təmin olunub. Eyni zamanda, ictimai hüquq qaydalarının, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 463 minə yaxın inzibati protokol tərtib edilərək müvafiq tədbirlər görülüb. Əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı bütövlükdə 3,2 faiz, yaralananların sayı 8,6 faiz azalsa da, ölümlə nəticələnən hadisələrin sayı 2,6 faiz, həlak olanların sayı isə 5,9 faiz artıb. Vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə də xüsusi önəm verilib.

Müşavirədə əməliyyat-xidməti fəaliyyətdə qazanılmış uğurlarla yanaşı, bəzi nöqsan və çatışmazlıqların da mövcudluğu qeyd olunub.

Müşavirəyə yekun vuran Ramil Usubov tapşırıq və tövsiyələrini verib, tədbir iştirakçılarına nöqsanların aradan qaldırılması yollarını göstərib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar