Artıq uzun müddətdir ki, Azərbaycan ərazisi yüksək təzyiq sahəsinin təsiri altında olduğu üçün hava şəraiti nisbətən mülayim keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın
APA-ya verdiyi məlumata görə, artıq uzun müddətdir ki, havanın temperaturu noyabrın iqlim normasından 3-4 dərəcə yüksəkdir.
U. Tağıyeva deyib ki, bu həftənin sonunadək də ölkə ərazisində belə hava şəraitinin davam edəcəyi gözlənilir. Yaxın günlərdə də ölkə ərazisində mülayim hava şəraiti davam edəcək. Həftənin sonunadək respublikanın əksər rayonlarında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, lakin dumanlı keçəcək. Havanın temperaturu Bakı və Abşeron yarımadasında günorta saatlarında 13-17, Aran rayonlarında 13-18, dağlıq rayonlarda 10-13 dərəcə isti olacaq.
Bu həftə ərzində ölkə ərazisində cənub küləyi üstünlük təşkil edəcək. Bakı və Abşeron yarımadasında cənub küləyi saniyədə arabir günorta saatlarında saniyədə 15, dağlıq rayonlarda isə 18-20 metrədək güclənəcək.
Noyabrın 27-də isə ölkə ərazisində cənub küləyi qısa müddətə arabir güclənən şimal küləyi ilə əvəzlənəcək. Bu həftə ərzində Bakı və Abşeron yarımadasında səhər və axşam bəzi ərazilərdə zəif duman olacaq.
Noyabrın 26-27-də Azərbaycanın rayonlarında cənub-qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.