Oktyabradək Azərbaycanda minimum əməkhaqqı və pensiyanın artırılması gözlənilir
14 İyul 2010 Çərşənbə 01:30
Prezident: “Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar”.
Azərbaycanda təbii fəlakət baş verəndə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olub, yardımlar təklif edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, ölkəmiz bu yardımlardan imtina edib: “Fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik. Həm xilasetmə xidməti, həm səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri - biz hamımız çox səmərəli işlədik. Ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi. İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik. Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada, Asiyada, bütün bölgələrdə təbii fəlakətlər mövcud idi. Böyük insan itkisi ilə müşahidə olunan bu hadisələr əlbəttə ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki, müxtəlif ölkələrdə hansı hadisələr baş verir. Onu deyə bilərəm, böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə bağlı bütün işləri itkisiz gördük. Beləliklə hesab edirəm ki, minimum itkilərlə bu vəziyyətdən çıxdıq”.

Dövlət başçısı qeyd edib ki, son hadisələr Azərbaycanın iqtisadiyyatına çox böyük ziyan vurub: “insanların əmlakı dağılıb, minlərlə ev, minlərlə hektar torpaq su altında qalıb. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilib. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq ki, qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər”.

Prezident İlham Əliyev bildirib ki, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur: “Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar”.

İlham Əliyev deyib ki, Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır: “Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaq. Bütün sosial obyektlərin tikintisi davam etməlidir. İlin sonuna qədər səhiyyə, təhsil, idman, mədəniyyət sahələrində infrastruktur layihələri davam etdiriləcək, vəsait var və bu işlər sürətləndirilməlidir. Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar