Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde ilə görüşüb. ADU-nun mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, Səməd Seyidov universitetin tarixi haqqında məlumat verib. ADU-da bir çox mərkəzlərin fəaliyyət göstərdiyini və bu yaxınlarda bir neçə yeni mərkəzlərin də açılacağını qeyd edib. Rektor TEMPUS proqramından danışıb və ADU-nun bu layihəyə ev sahibliyi etdiyini söyləyib.
Aryen Uyterlinde təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını bildirib.
S. Seyidov Azərbaycanın nəinki Avropa ölkələri ilə, eyni zamanda Şərq ölkələri ilə də əlaqələrinin olduğunu bildirib. Bu əməkdaşlığın məhz o ölkələrin qədim tarixə, mədəniyyətə sahib olduqlarına görə yarandığını qeyd edib. Eyni zamanda ADU-nun bəzi Şərq ölkələrinin universitetləri ilə də əməkdaşlıq etdiyini deyib.