Naxçıvanlılar özləri Bakıya gəldilər, yükləri NMR-da qaldı
16 Mart 2011 Çərşənbə 15:31
AZAL: "865 kq yük saat 17:00-da olan reyslə gətiriləcək"
Naxçıvandan Bakıya gələn sərnişinlər qəribə vəziyyətlə üzləşiblər. Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, özləri Naxçıvan-Bakı reysi ilə bu gün səhər paytaxta gəlsələr də, baqajları təyyarəyə yüklənməyib.
Sərnişinlərin sözlərinə görə, onlara Bakıda təyyarədən düşəndən sonra bildirilib ki, yükləri Naxçıvanda qalıb.
“Bizə dedilər ki, yüklər saat 18:00-da olan reyslə gətirilə bilər. Burada 100-ə yaxın insan var. Hamısı hava limanında qalıb", deyə sərnişin Nadan Vəliyev qeyd edib.
"Azərbaycan Hava Yolları" QSC -nin xidmət rəisi Məhərrəm Səfərli ANS PRESS-ə açıqlamasında baş verən hadisəni təsdiqləyib.
"Hər bir təyyarənin yüklənmə həddi var. Bu səbəbdən adıçəkilən reysin 865 kq yükü Naxçıvanda qalıb. Baqajlar saat 17:00-da 254 nömrəli reyslə gətiriləcək”, deyə xidmət rəisi qeyd edib.
Xidmət rəisi bildirib ki, Naxçıvan-Bakı reysini “Aerobus-319", əsasən isə “Aerobus 320” tipli təyyarələr həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: