MTRŞ telekanallara müraciət edib
06 Yanvar 2011 Cümə Axşamı 20:20
Nuşirəvan Məhərrəmli: "Hər bir kanal cəmiyyətin maariflənməsinə xidmət edəcək verilişlər yayımlamalıdır"
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalları Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan verilişləri yayımlamamağa çağırıb. Qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Şuranın özəl kanalların yaradıcılıq fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur, lakin hər bir kanal cəmiyyətin maariflənməsinə xidmət edəcək verilişlər yayımlamalıdır.
Şuranın daim telekanallara bu xarakterli tövsiyələr verdiyi deyən MTRŞ sədri son zamanlar Azad Azərbaycan (ATV) kanalında baş verənlərə də münasibət bildirib. N. Məhərrəmli ATV-də şou xarakterli "Onun yarısı", "Sən tək deyilsən" kimi verilişlərin yayımının dayandırıldığını bildirib.
N.Məhərrəmlinin sözlərinə görə, Şura özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlamaq niyyətindədir. Səlahiyyətlər qanunverici bazaya edilən dəyişikliklər əsasında həyata keçirilə bilər. "2010-cu ildə həm də özəl televiziya kanallarında Azərbaycanın milli-mənəvi dəyərləri ilə bağlı verilişlərin sayı artıb, lakin onların məzmunu narahatlıq doğurur. Şou xarakterli verilişlərin sayı da artıb və MTRŞ də bundan narahatdır. Azərbaycanın tarixinə, ədəbiyyatına aid maarifləndirici verilişlərin bu cür kanallarda az olması bu gün narahatedici faktorlardandır", - deyə N. Məhərrəmli bildirib.
DOSTLARINLA PAYLAŞ: