MSK parlament seçkisinin nəticələrini təsdiq edib
22 Noyabr 2010 Bazar Ertəsi 14:25
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, 7 noyabr seçkisi ilə bağlı ümumilikdə 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticəsini ləğv edilib. O, seçkinin çox yüksək səviyyədə təşkil olunduğunu bildirib və seçkinin nəticələrini yüksək qiymətləndirib.
MSK katibi Natiq Məmmədov qeyd edib ki, seçki ilə əlaqədar bütün şikayətlərə baxılıb, həll edilməmiş heç bir məsələ qalmayıb. “Ümumilikdə, demək olar ki, seçkinin normal şəraitdə keçirilməsi üçün əlverişli zəmin yaradılıb”, – deyə o vurğulayıb.
MSK-nın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan üzvü Mikayıl Rəhimov isə deyib ki, bu seçki beynəlxalq müşahidəçilərin böyük sayı ilə (təxminən 50 min nəfər) respublikada keçirilmiş əvvəlki seçkilərin hamısından fərqlənib.
İclasda Milli Məclisə seçki ilə əlaqədar MSK tərəfindən seçkinin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkinin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul olunub. Qərarın əleyhinə 1 nəfər (Gülağa Aslanlı) səs verib, 1 nəfər isə (Akif Qurbanlı) bitərəf qalıb.
G. Aslanlı və A. Qurbanovdan başqa bütün MSK üzvləri yekun protokolu imzalayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, yekun protokola yalnız imza atanlar rəy yaza bilərlər.
DOSTLARINLA PAYLAŞ: