Misir hadisələri Ermənistana dərs olmalıdır
16 Fevral 2011 Çərşənbə 23:38
İşğalçı ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi əhalini etiraz aksiyalara vadar edir
Ermənistanda sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi əhalini etiraz aksiyalara vadar edir. Bu dəfə İrəvanın mərkəzində küçə ticarəti ilə məşğul olan yüzlərlə insan etiraz aksiyası keçirib. Onlar yeni iş yerlərinin açılması, ərzaq məhsullarının qiymətinin aşağı salınması tələbi ilə çıxış edib. Ermənistanın baş naziri Tiqran Sarkisyana müraciət ünvanlayan etirazçılar “Erməni xalqı öz vətənində acdır”, “Biz buna dözməyəcəyik”, “Bizim uşaqları çörəkdən məhrum edənləri bağışlamayacağıq” kimi şüarlar səsləndirib.

Qeyd edək ki, artıq Ermənistanda bir çox ekspertlər həyacan təbili çalır. Ermənistan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan “Armenia today” saytına müsahibəsində ölkənin siyasi cəhətdən dalana dirəndiyini, sosial- iqtisadi vəziyyətin getdikcə pisləşdiyini deyib və vəziyyətin bu cür davam edəcəyi təqdirdə inqilabların mümkünlüyünü istisna etməyib: “Sosial-iqtisadi təzyiqlər getdikcə artır. Bütün bunlar da Ermənistan hakimiyyətini real islahatlar aparmağa vadar etməlidir. Misir hadisələri Ermənistana dərs olmalıdır”.

Ekspertlər Ermənistanda emiqrasiya məsələsinin əsas problemlərdən biri hesab edir. Belə ki, Ermənistanın Ərazi İdaretməsi Nazirliyinin 2011-ci il üçün əsas prioritetlərindən biri ölkədən xaricə gedənlərin qarşısını almaqdır. Keçən il Rusiyaya iş dalınca gedənələrin sayı 2,5 dəfə artıb. Ermənistanda emiqrasiyanın bu qədər çox olmasının əsas səbəbi kimi sosial-iqtisadi və siyasi problemlər, azadlığın məhdud səviyyədə olması, ədalətsiz mühitin mövcudluğu göstərilir.

Bu gün Ermənistanda işsizlik ən yüksək həddədir. Ölkədə qiymətlər də günü-gündən artır. Fevraldan başlayaraq çörəyin qiyməti 210 dramdan 240 drama qədər qalxıb. Bundan başqa, unun və digər ərzaq məhsullarının da qiyməti bahalaşıb. Əhali isə bütün bunlara narazılığını bildirir. Bir gündə 3- 4 çörək alan ailələr bu cür yaşamağın çətin olduğunu etiraf edir. Məmurlar isə çörəyin qiymətinin qalxmasınının yanacağın və yağın qiymətinin artmasına səbəb olacağını istisna etmirlər. Təqaüd alan insanların vəziyyəti də o qədər ürəkaçan deyil. Yaşlılar aldıqları pulun ancaq kommunal xidmətlərin ödənəlməsinə çatdığını deyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar