Milli silah-sursat çeşidləri artırılacaq
17 Dekabr 2010 Cümə 21:55
Yavər Camalov: "Qarabağ işğal altında olduğundan Azərbaycan silahlanmanı dayandırmayacaq"
Yaxın zamanlarda Azərbaycanda silah istehsalı sahəsi genişlənəcək və milli silah-sursat çeşidləri artırılacaq. 2006-ci illə müqayisədə bu il müdafiə təyinatlı məhsulların istehsalı 115 dəfə artıb. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün yeni layihələr üzərində işlənilir. Müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə eksklüziv müsahibəsində bəyan edib ki, hazırda mövcud 31 istehsal sahəsinə gələn ilin yazına qədər 8-i də əlavə olunacaq. Burada da yeni növ silah-sursat istehsal ediləcək.

“60, 82, 120 mm-lik minaların, eləcə də aviabombaların doldurma mərkəzi istifadəyə veriləcək. Bundan əlavə müxtəlif növlü kapsulların istehsal sahəsi istismara veriləcək və snayper tüfəngləri, pulemyotlar, zenit qurğuları üçün 30 mm-lik toplar üçün döyüş sursatlarının istehsalı, qumbaraatanların döyüş sursatlarının istehsal sahəsinin istifadəyə verilməsi nəzərdə tutulub”,- deyə Yavər Camalov bildirib.

Bundan başqa, gələn il müxtəlif növ kapsulların, snayper tüfəngləri, pulemyotlar, zenit qurğuları, 30 mm-lik toplar, qumbaraatanlar üçün döyüş sursatlarının istehsal sahələri də işə düşəcək.

Artıq döyüş patronları üçün sınaq mərkəzi də hazırlanır. Burada təhvil verilən məhsullar yerindəcə atəş açmaqla, bütün parametrlər üzrə tam yoxlanılacaq və sifarişçi təşkilatlara təhvil veriləcək. Nazir deyib ki, Qarabağ hələ də işğal altında olduğundan Azərbaycan silahlanmanı dayandırmayacaq, əskinə daha da sürətləndirəcək. Müharibə başlayacağı təqdirdə nazirlik ordunu silah-sursat və hərbi texnika ilə təmin etməyə hazırdır:” Azərbaycan ordusu istənilən zaman öz torpaqlarını azad etməyə qadirdir. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyinin üzərinə hansı yük düşürsə, onu biz gecə-gündüz yerinə yeyirməyə hazırıq”.

Müdafiə sənayesi naziri beynəlxalq əməkdaşlığın da getdikcə genişləndirildiyini bildirir. Gələn il zirehli texnikalar və digər sahələrdəki bir çox layihələr məhz qardaş Türkiyə ilə nəzərdə tutulub.

Müasir texnologiyaların ordumuzda tətbiqi isə peşəkar kadr hazırlığı məsələsini gündəmə gətirib. Artıq nazirlik ölkənin ali məktəblərindən birində müdafiə sənayesi ilə bağlı xüsusi fakültənin yaradılması ilə bağlı hökumətdən müsbət cavab alıb. Fəaliyyət dövründə yüksək göstəricilər əldə edən işçilər peşə bayramı günündə müxtəlif mükafatlarla təltif olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar