Millət vəkilinin qohumunu Azərbaycana verməkdən imtina edilməyib
15 Dekabr 2010 Çərşənbə 11:25
Baş Prokurorluq məsələ ilə bağlı məlumat yayıb
Sumqayıt şəhərində 2004-2010-cu illərdə çoxsaylı qəsdən adam öldürmə və digər ağır cinayətlər törətməsi faktlarına görə təqsirləndirilən Elbrus Xəlilovun Rusiya hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasına verilməsindən imtina edilməsi barədə bəzi kütləvi informasiya vasitələrində dərc olunan informasiyalar həqiqətə uyğun deyil. Bu barədə ANS PRESS-ə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir ki, qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Elbrus Xəlilovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, eyni zamanda barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsinə dair qərarlar qəbul edilib.

Həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Elbrus Xəlilov Rusiya Federasiyasında tutulub və onun Azərbaycan Respublikasına ekstradisiyası məqsədi ilə bütün zəruri sənədlər Rusiya Federasiyası Baş Prokurorluğuna təqdim olunub. Hazırda bu ölkənin Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılmaqla təqsirləndirilən şəxs Elbrus Xəlilovun Azərbaycan ekstradisiyası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, E. Xəlilov Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fərarilik maddəsi ilə axtarışda olub. Lakin sonradan onun ağır və xüsusilə ağır cinayətlər törətdiyi üzə çıxıb.

Belə ki, adıçəkilən şəxs bu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir. Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E. Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.

E. Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur. Hüquq-mühafizə orqanlarından, həmçinin bildirilib ki, E. Xəlilov Rusiyada saxlanarkən çoban qiyafəsində olub.

Qeyd edək ki, bu il fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib. Silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.

Azərbaycanın baş prokuroru Zakir Qaralov bu ilin oktyabrında mətbuata açıqlamasında Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlərin olduğunu deyib. Z. Qaralov qeyd edib ki, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: “Cinayəti törədən şəxsin hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Məlum hadisə də daxil olmaqla həmin cinayətlərin hamısının açılması və cinayəti törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar