Metroda növbəti problem
12 Oktyabr 2010 Çərşənbə Axşamı 20:30
Qatar "İnşaatçılar" stansiyasından "Elmlər Akademiyası"na təxminən 8 dəqiqəyə gəlib.
Bu gün axşam saat 19:00 radələrində Bakı metropolitenində növbəti problem yaranıb. ANS PRESS-in qatarda olan əməkdaşının verdiyi məlumata görə, metronun “İnşaatçılar” stansiyasından “Elmlər Akademiyası” stansiyasına qatar təxminən 8 dəqiqəyə gəlib. Yol boyu isə tuneldə 3 dəfə bir-iki dəqiqəlik fasilələrlə dayanıb. Əməkdaşımıza problemin səbəbini kimsə izah etməyib. İş vaxtı olmadığından əlaqədar şəxslərdən bunun səbəbini aydınlaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, analoji hadisə bu gün səhər saatlarında da olmuşdu. Bu gün saat 08:20 radələrindən Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb. Nərimanov elektrik deposunun rəisi Vaqif Hüseynovun ANS-ə verdiyi məlumata görə, qatar “20 yanvar” və “İnşaatçılar” stansiyaları arasında tuneldə dayanıb.

"Bu gün səhər saat 08:20-08:25 radələrində 42-ci marşrut - "20 yanvar" "İnşaatçılar" mənzilində dayanıb. Baş vaqonda idarəetmə itib. Maşinist beş dəqiqə ərzində bu vəziyyətdən çıxa bilmədiyi üçün köməkçi qatar çağırılıb və qatar ona qoşularaq depoya gətirilib".
V.Hüseynovun sözlərinə görə, baş vermiş hadisəyə səbəb idarəetmə sistemindəki nasazlıq olub. Belə ki, sürətin avtomatik tənzimləməsi sistemində nasazlıq olduğu üçün maşinist qatarı baş vaqondan idarə edə bilməyib.

Metro rəsmisi ümumiyyətlə Bakı Metropolitenində 3 idarəetmə üsulu olduğunu və bu qatarda onların hər üçünün itdiyini qeyd edib. Hazırda yaranmış nasazlıq aradan qaldırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar