Mətbuat Şurasında "qara siyahı" müzakirə olunub
24 Dekabr 2010 Cümə 22:20
Quruma 15 qəzet müraciət edib
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Apellyasiya qrupu"nun iclası keçirilib. Şuradan verilən məlumata görə, qrupun rəhbəri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın «qara siyahı»da yer alan bir sıra qəzetlər bu ictimai qınağın üzərilərindən götürülməsi üçün MŞ-yə müraciətlər edir. O vurğulayıb ki, qrupun sonuncu toplantısı bu ilin iyul ayında olub və «Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat»a uyğun olaraq siyahıdakı 26 KİV-in adı «qara siyahı»dan çıxarılıb. Bu zaman eyni zamanda milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı onların bağışlanılması prinsipi də əsas götürülüb.
V. Rəhimzadə hazırda 15-dək mətbu nəşrin yenidən MŞ-yə müraciət etdiyini nəzərə çatdırıb, qrup üzvlərindən məsələyə münasibət bildirmələrini xahiş edib. Qrup üzvləri MŞ-yə daxil olan müraciətlərlə tanış olduqdan sonra belə rəyə gəlib ki, növbəti iclasda müraciət edən KİV rəhbərlərinin hər biri ilə fərdi söhbətlər aparılsın, həmin qəzetlərin «qara siyahı»dan çıxarılmasına nə kimi əsaslar olduğu müəyyənləşdirilsin, qrupun rəyi hazırlanaraq Şuranın İdarə Heyətinə verilsin.
Qeyd edək ki, MŞ-nin «Apellyasiya qrupu» bu ilin fevralında yaradılıb. Qrupun təşkilində məqsəd MŞ-nin «qara siyahı»sında yer alan KİV-in müraciətlərini müzakirə etmək və adlarının siyahıdan çıxarılması imkanlarını araşdırmaqdır.
DOSTLARINLA PAYLAŞ: