Ölkə

"Meqa Sığorta" kapitalını 75 faiz artırır

Sığorta şirkətinin nizamnamə kapitalı 3,5 milyon manata çatdırılacaq

· Xəbərçi
"Meqa Sığorta" kapitalını 75 faiz artırır
Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) "Meqa Sığorta" ASC-nin ümumi dəyəri 1,5 milyon manat olan adlı sənədsiz sadə səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 5 min manat olan 300 səhm buraxılıb.

Səhmlərin nominal dəyərinin artırılması nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı hazırki 2 milyon manatdan 3,5 milyon manatadək artacaq. Bu da Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin 2011-ci il yanvarın 1-dən qüvvəyə minəcək minimum tələblərinə uyğundur.

Qeyd edək ki, “Meqa Sığorta” şirkətinin fəaliyyətinin əsası 1998-ci ildə Naxçıvan şəhərində "Naxçıvan" kommersiya sığorta şirkətinin bazasında qoyulub. 1998-ci ildə şirkətin Bakı filialı ölkə paytaxtında fəaliyyətə başlayıb. 2001-ci ildə şirkətin baş ofisin Naxçıvandan Bakıya köçürülməsi və fəaliyyətini BE&G sığorta şirkəti adı altında davam etdirməsi barfədə qərar qəbul edilib. Bu ilin oktyabrın 19-da DSNX "BE&G Sığorta Şirkəti" ASC-nin adının dəyişdirilərək "Meqa Sığorta" ASC adlandırılması ilə əlaqədar onun lisenziyasını yeniləyib. Yanvar-oktyabr aylarında "Meqa Sığorta" 0,29 milyon manat həcmində sığorta haqqı toplayıb, 0,22 milyon manat həcmində isə ödəniş edib. Şirkət sığortanın 29 növü üzrə fəaliyyət göstərir ki, onlardan üçü icbaridir.

Şərhlər