Meksikada Azərbaycanın enerji məsələləri müzakirə edilib
16 Mart 2011 Çərşənbə 10:30
Müvafiq mövzu səfir İlqar Muxtarovun bu ölkənin yeni təyin olunmuş enerji naziri ilə görüşündə müzakirə edilib
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov Meksikanın yeni təyin edilmiş enerji naziri Xose Antonio Meade ilə görüşüb. Martın 15-də keçirilən görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmiyyətini vurğulayıb və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfir İ.Muxtarov həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda nazir X.A.Meadeyə geniş məlumat verib.

Nazir X.A.Meade Azərbaycanla enerji sektorunda əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, eyni zamanda öz ölkəsinin elmi mütəxəssislər və tələbə mübadiləsi sahəsində əməkdaşlıqda da maraqlı olduğunu vurğulayıb və Meksikanın müvafiq təhsil müəssisəsi ilə əlaqələrin yaradılmasının vacibliyini bildirib.

Görüşdə, həmçinin 2011-ci ilin 7–10 iyun tarixlərində Bakıda keçiriləcək “Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı”nda Meksika nümayəndə heyətinin iştirak etməsinin mümkünlüyü məsələsi müzakirə edilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar