"O, şənlikləri yalnız ailəsi, ən yaxınları və nəvələrinin ətrafında keçirməyi xoşlayırdı"
Dekabrın 12-i Ümumilli lider Heydər Əliyevin vəfatından 7 il keçir. ANS PRESS bu gündən başlayaraq, anım gününədək yaxınlarının və silahdaşlarının Heydər Əliyevlə bağlı xatirələrini oxucuları ilə bölüşəcək.
Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında gəlini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xatirələri:
“Bizim böyük banketlərimiz olmayıb. O, şənlikləri yalnız ailəsi, ən yaxınları və nəvələrinin ətrafında keçirməyi xoşlayırdı. Mən sizə deyim ki, onun olduğu yerdə biz də, əlavə kiminsə olmasını istəmirdik.
Bir yerə toplaşaraq, babanın nə zaman gələcəyini gözləmək ənənəyə çevrilmişdi. Bizdə belə bir ənənə xüsusilə son illər yaranmışdı. O, şənbə və bazar günləri mütləq bizə gələrdi. Və təbii ki, yeməkləri mən hazırlayırdım. O, ümumiyyətlə milli mətbəxi, Azərbaycan plovunu, dolmanı sevirdi. Əlbəttə, mən çalışırdım ki, o bizə gəlsin, dincəlsin. İstəyirdim ki, o dincini alsın, çünki onun işi olduqca ağır idi. Mən bilirdim ki, onun tam rahatlıqla dincələ biləcəyi yer bizim evimiz idi. Adi bir misal gətirəcəyəm – mən salat hazırlayırdım və o həmişə deyərdi: "Sizdə bizə nisbətən daha dadlı hazırlayırlar. Meki, bunu hazırlamağı bizimkilərə də öyrət"".
***
Azərbaycanın böyük oğlu haqqında 1979-cu ildən Heydər Əliyevin mühafizə xidmətində işə başlamış, 1982-88-ci illərdə isə onun mühafizə xidmətinin rəisi işləmiş Aleksandr İvanovun xatirələri:
“O ən dolaşıq məsələlərdə belə həssas idi. Onun insani keyfiyyətləri, alicənablığı və olduqca prinsipiallığı, düzgünlüyü aydın seçilirdi. Bir dəfə Ağdama getmişdik. Burada Mədəniyyət Evinin qabağında çoxlu adam Heydər Əliyevi gözləyirdi. Biz, polis və mühafizəçilər isə camaatı ona yaxınlaşmağa qoymamalıydıq.
Maşından düşən Heydər Əliyevin ilk hərəkəti bizə camaata mane olmamağı əmr etmək oldu. Heydər Əliyevi yaxından görmək və onunla ünsiyyətdə olmaq, ona sevgisini bildirmək həvəsi insan kütləsinin bizim üstümüzə yeriməsinə səbəb oldu. Bu zaman idmançı keyfiyyətləri köməyimizə çatdı. Əlimi ona uzatdım və birlikdə yaxınlıqdakı gül klumbasının üstünə çıxmaqla qızğın kütlənin əlindən xilas olduq.
Azərbaycanın bölgələrinə səfər çərçivəsində Sabirabada getmişdik. O, istənilən rayondan qayıdanda sürücünün yanında oturardı. Pəncərəni açırdı ki, camaatla sağollaşsın. Sabirabaddan çıxandan sonra maşını saxlatdırdıq ki, yerimizi dəyişək və mən qabaqda oturum. Maşından düşəndə içməyə su istədi. Sürücü maşının yük yerini açdı, iki qarpız vardı. Heydər Əliyev məndən soruşdu: “Qarpızlar səninkidir?” Bu zaman sürücü cəsarətə gəlib cavab verdi ki, qarpızlar onundur. Heydər Əliyev ondan qarpızları haradan götürdüyünü soruşdu. Sürücü qarpızları Sabirabaddan aldığını dedi. Heydər Əliyev qəzəbləndi:
“Hələ mənə bir yalan da danışırsan? Nə cəsarətlə belə şey etmisən? Sənin götürdüyün iki qarpıza görə Əliyevin boynuna iki vaqon qarpız gələcək. Yazacaqlar ki, Əliyevin səfərinə iki vaqon qarpız ayrılıb”.
Belə həssas adam idi Heydər Əliyev. Sürücünü dəyişdirməyi tələb edən Heydər Əliyev bütün yolu hirsli idi”.