Azərbaycanın birinci xanımı Masazırda yeni məktəblə tanış olub
25 Dekabr 2010 Şənbə 03:25
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq bağçasının açılışında da iştirak edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş 3 nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş, “Şən yuva” uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycanın birinci xanımı əvvəlcə Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış kompleksində 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin binasında yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Məlumat verilib ki, şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə 45 pedaqoq məşğul olur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter, fənn otaqları, ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar var. Mehriban xanım Əliyeva kimya və fizika fənlərinin tədris olunduğu siniflərə baxdı, məktəblilərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün yaradılmış kompyuter otağı ilə tanış olub. Bildirilib ki, kompyuterlərin hamısının internetə çıxışı var. Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılmışdır. Ətrafdakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağaclar və gül kolları əkilib.
Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin ərazisində futbol və voleybol meydançaları var. Həmin ərazidə Fondun təşəbbüsü ilə beşmərtəbəli idman məktəbi inşa olunur. Gələn il istifadəyə verilməsi planlaşdırılan idman məktəbi bütün qəsəbə üçün nəzərdə tutulub. İdman məktəbində bir böyük və üç kiçik idman zalı, üzgüçülük hovuzu inşa edilir.
Sonra Heydər Əliyev Fondunun prezidenti “Şən yuva” uşaq bağçasının açılışında iştirak edib. Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Yaşlarına müvafiq olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi ilə 20 müəllim və tərbiyəçi məşğul olacaqdır. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılmış və qısa zamanda başa çatdırılıb. Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək. Fondun prezidentinə məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zalları var.
Mehriban Əliyeva yeməkxanada və mətbəxdə yaradılmış şəraitlə tanış olub. Kiçik yaş qrupunda uşaqlarla görüşən Fondun prezidenti onların yataq şəraiti ilə də maraqlanıb. İstiliklə təchizat üçün ayrıca qazanxana tikilib, bağçanın ətrafında abadlıq işləri aparılıb. Uşaqların istirahəti və əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılıb.
DOSTLARINLA PAYLAŞ: