Mehriban Əliyeva Türkan qəsəbəsində olub
08 İyul 2010 Cümə Axşamı 00:35
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva mədəniyyət mərkəzinin açılışında iştirak ediblər.
Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın birinci xanımı və qızı mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış olublar.

Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəzin inşasına 2009-cu ilin fevralında başlanılmışdır. Binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Türkan və ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar. İdmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər.

Mehriban Əliyeva uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi ilə də tanış olub. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcək. Bildirilib ki, kompyuterlərin hamısının internetə çıxışı var.

Mərkəzin ikinci mərtəbəsini isə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən stend bəzəyir.

Azərbaycanın birinci xanımı rəsm dərnəyində balaca rəssamların əl işləri ilə tanış olub.

İkinci mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün 250 nəfərlik geniş akt zalı var. Zal ən son avadanlıqla təchiz edilib. Bina fərdi havalandırma sistemləri ilə təchiz edilmişdir.
Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə park salınıb.

Mehriban xanım Əliyeva və qızı Leyla parkın ərazisi ilə də tanış olublar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2008-ci ildə burada olarkən ərazidəki ağacların qorunmasının vacibliyini bildirmişdi. Burada 7 min 500 kvadratmetr sahədə qazon salınmış, müasir işıqlandırma sistemi qurulub. Parkda uşaqların əylənməsi üçün meydança yaradılıb, balacalar üçün müxtəlif attraksionlar təşkil edilib. Burada ana və uşaqlar üçün nəzərdə tutulan çay evi də inşa edilib.

Sonra Mehriban Əliyeva Xəzər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mədəniyyət mərkəzinin açılması münasibətilə türkanlıları təbrik edən Mehriban xanım Əliyeva binanın inşasına dair qəsəbə sakinləri ilə müzakirələri yada salaraq bildirib ki, Azərbaycanın bütün başqa bölgələrində olduğu kimi, Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri gedir: “Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqları tikilir, istirahət parkları salınır. Bu hər birimizi sevindirir”. Mədəniyyət mərkəzinin ətrafında gözəl, səliqəli parkın salınmasının sakinlərin istirahəti baxımından əhəmiyyətini vurğulayan Mehriban xanım deyib ki, burada dincəlmək üçün hər cür şərait yaradılıb. O deyib ki, mədəniyyət mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklər, şahmat məktəbi, rəsm sinfi uşaqların dünyagörüşünün zənginləşməsi, biliklərinin artırılması baxımından mühüm rol oynayacaq. Rayonda görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva burada əhalinin vəziyyəti ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Azərbaycanın birinci xanımı bildirib ki, bütün məsələlər Heydər Əliyev Fondunun nəzarəti altındadır.

Xalq Artisti Ağaxan Abdullayev, qəsəbə ağsaqqalı Əli Əliyev, rayon sakinlərindən Tamilla Muradova, Şükufə İbrahimova göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya Xəzər rayonu sakinləri adından minnətdarlıq etdilər. Onlar Türkanda belə bir mədəniyyət mərkəzinin açılmasının qəsəbə sakinlərində dərin razılıq hissi doğurduğunu xüsusi vurğulayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar