Mehriban Əliyeva bir sıra görüşlər keçirib
02 Mart 2011 Çərşənbə 00:16
O, ana südü ilə qidalanma və anemiyanın profilaktikası,məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı layihələrin davamını müsbət qiymətləndirib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacı ilə görüşüb. Əli Doğramacı Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Etibarlı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirən Mehriban xanım Əliyeva Fondun xətti ilə həyata keçirilən layihələr barədə danışıb, bu sahədə qazanılan uğurlarda İhsan Doğramacının və onun humanist ənənələrini davam etdirən Əli Doğramacının töhfələrini yüksək qiymətləndirib.



Azərbaycanın birinci xanımı YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla da görüşüb. Mehriban Əliyeva YUNİSEF ilə birgə həyata keçirilən layihələrin uğurla icra olunduğunu bildirib. Birgə əməkdaşlıq çərçivəsində ana südü ilə qidalanma və anemiyanın profilaktikası, həmçinin məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı həyata keçirilən layihələrin davamını müsbət qiymətləndirib.

Görüşdə yaxın gələcəkdə bu mövzuda keçiriləcək beynəlxalq konfransa hazırlıq və təklif olunan digər layihələr müzakirə olunub.



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura ilə görüşüb. Azərbaycanın birinci xanımı BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın olduğunu demişdir. Heydər Əliyev Fondunun prezidenti bu əməkdaşlıq çərçivəsində “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin olunması” layihəsinin uğurla başa çatmasını, məhdud fiziki imkanlı insanlar üçün Gəncədə və Naxçıvanda regional informasiya mərkəzlərinin yaradılmasını xüsusi qeyd edib.

Uğurlu əməkdaşlığa görə Mehriban xanım Əliyevaya təşəkkür edən Fikrət Akçura hazırkı görüşün gələcək əməkdaşlıq istiqamətlərini, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Mehriban xanım Əliyevanın təhsil və səhiyyə sahəsinin inkişafına diqqət və qayğısını yüksək qiymətləndirən F.Akçura təmsil etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq müstəvisində həyata keçirilən layihələr barədə ətraflı söhbət aparılmış, hazırda Yevlaxda bu istiqamətdə işlərin davam etdirildiyi vurğulanıb, tərəfdaşlığın perspektivləri müzakirə olunub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar