Məhkəmə icraçıları qrupunun rəhbəri Ədliyyə orqanlarından xaric olunub
10 Avqust 2010 Çərşənbə Axşamı 21:15
Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyində icra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə yeni qanunvericilikdən və ölkə Prezidentinin həmin fərmanından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlərdən danışıb, xidmətin maddi texniki bazasının gücləndirilməsi və yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsini qeyd edib, fəaliyyətin müasir tələblər səviyyəsində qurulmasında dövlət başçısının qeyd olunan fərmanının müstəsna əhəmiyyətini vurğulayıb.

Kollegiya iclasında qeyd olunub ki, yeni qanunvericiliyə uyğun olaraq məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsi, o cümlədən borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, axtarışının elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyalarının sərtləşdirilməsi, habelə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasına dair hər 6 aydan bir ölkə prezidentinə hesabat verilməsinin nəzərdə tutulması və digər tədbirlərin müəyyən edilməsi icra işində yüksək keyfiyyət dəyişikliklərinə səbəb olacaq.

2010-cu ilin birinci yarımilində icra sahəsində görülmüş işlərə dair nazirliyin İcra baş idarəsinin rəisi – baş icra məmuru X.Zeynalov məruzə ilə çıxış edərək, hesabat dövründə daxil olmuş icra sənədlərinin 76,8 faizinin icra edildiyini, icradan yayınan 650 şəxsin inzibati məsuliyyətə cəlb olunduğunu, habelə 141 nəfər barədə cinayət işinin başlanıldığını diqqətə çatdırıb, qarşıda duran vəzifələri vurğulayıb.

Mövcud nöqsan və problemlərlə bağlı regional ədliyyə şöbələrinin, yerli icra qurumlarının rəhbərləri dinlənilib, yol verilən nöqsanların səbəbləri və onların aradan qaldırılması yollarından bəhs olunub.

Həmçinin, iclasda icra məmurlarının hazırlığının artırılması, yeni qanunvericilikdən irəli gələn vəzifələrin ətraflı öyrənilməsi və dürüst icrası məqsədilə Ədliyyə Akademiyası ilə birgə tədris tədbirlərinin keçirilməsi, yerli qurumlara rəhbərliyin və nəzarətin gücləndirilməsi, icra intizamına ciddi riayət olunması, sui-istifadə, süründürməçilik və digər qanun pozuntularına yol verilməsi barədə vətəndaşların və dövlət orqanlarının müraciətlərinin hərtərəfli və təxirəsalınmadan araşdırılması və təqsirkar əməkdaşların ciddi intizam məsuliyyətinə cəlb olunması barədə müvafiq göstərişlər verilib.

Kollegiyada xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə Qəbələ rayon məhkəmə icraçıları qrupunun rəhbəri Yusif Həsənov tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric olunmuş, Xaçmaz və Hacıqabul icra qruplarının rəhbərləri Bəybala Ağayevə və Ramil Şirəliyevə şiddətli töhmət elan edilməklə onlara işlərində dönüş yaratmaları üçün 6 ay vaxt verilib, bir sıra digər yerli icra strukturları rəhbərlərinə ciddi xəbərdarlıq edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar