Martın ilk günlərində hava sabit olacaq
28 Fevral 2011 Bazar Ertəsi 12:16
Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq
Yazın ilk günlərində ölkə ərazisində hava şəraiti sabit olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mart ayının 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.
Martın 2-də buludlu hava şəraiti davam edəcək. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında martın ilk günləri yağıntılı olacaq. Ayın 1-də əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti gözlənilir.
Martın 2-də gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: