Lerikin 8 kəndində təhlükəli vəziyyət yaranıb
28 Oktyabr 2010 Cümə Axşamı 10:25
Camaat vahimə içindədir.
Bu il sentyabrın 11-12-də Lerik rayonuna yağan güclü və intensiv yağış təkcə sel təhlükəsi yaratmayıb, eyni zamanda bəzi ərazilərdə torpaq sürüşmələrinə də səbəb olub. Leysan yağışlar nəticəsində Lerik rayon mərkəzindən təqribən 50 kilometr aralıda yerləşən Bürsülüm kəndinə aid ərazidə torpaq sahəsi sürüşməyə məruz qalıb. Təqribən 5 hektar ərazini əhatə edən və sentyabrın ortalarından başlanan sürüşmə 15-ə qədər evə ziyan yetirə bilər. Artıq bəzi evlərdə çatlar da görünür.
Kənd sakini Novruz Şiriyev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, sürüşmə əsasən şimaldan cənuba 1 kilometr məsafədə, üfüqi istiqamətdə 500 metr aşağı gəlib. Camaat vahimə içindədir. Evləri daha çox təhlükə qarşısında qalan bir neçə ailə gecələr yaxın qohumların evində qalır.
Kənddə sürüşmənin yaratdığı narahatlıq barədə Lerik rayon İcra Hakimiyyəti Aparatının Bürsülüm ərazi vahidi üzrə nümayəndəsi Əmir Əmirovdan da məlumatı təsdiqləyib: “Sürüşməyə səbəb leysan yağışlar olub. Bu haqda rayon icra hakimiyyətinə məlumat vermişik. Onlar da Ekologiya Nazirliyinə, FHN-ə və Nazirlər Kabinetinə məlumat veriblər. FHN və Ekologiya Nazirliyinin nümayəndələri gələrək əraziyə baxış keçiriblər. İlkin rəy bu olub ki, həqiqətən çökmə var. Lakin yekun rəy haqda isə hələlik məlumatımız yoxdur”.
Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov isə bildirib ki, kənddə 5 hektar ərazi müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb: “Hələlik sürüşmə passiv olsa da yağışlı havalarda intensivləşəcəyi istisna edilmir. Sürüşmə nəticəsində 3 tikilidə çatlar yaranıb”.
Qeyd edək ki, bu ərazi vahidliyinin tərkibinə 8 kənd daxildir və 1500-ə qədər əhali yaşayır. Bürsülüm kəndində sakinlərin bildirdiyinə görə 300-ə yaxın əhali məskunlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: