Lənkəranda 25 kənd işıqsız qalıb
12 Sentyabr 2010 Bazar 11:55
Selin cənub bölgəsinə vurduğu fəsadların aradan qaldırılmasına başlanılıb.
Cənub bölgəsində ötən gün yağan intensiv yağışlar səbəbindən yaranan selin fəsadları tədricən aradan qaldırılır. Lənkəran, Astara və Lerik rayonlarında yağışın ara verməsi çaylarda suyun səviyyəsinin azalmasına səbəb olub. Məcrasından çıxmış Lənkəran və Astara çaylarında suyun səviyyəsi 1,5 metrə qədər düşüb. Lənkəran şəhərində və çaya yaxın kəndlərdə sel sularının dolduğu həyətlərdən su tam çəkilib. Dağılmış və sel aparmış körpülərdə bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, sel suları Lənkəran rayonunda enerji təsərrüfatını tam iflic vəziyyətinə saldığından əhalinin enerji təminatında böyük problemlər yaranmışdı. Lənkəran yüksək gərginlikli şəbəkə rayonunun rəisi Şamid Bəhramovun verdiyi məlumata görə, çay ətrafı 25 kənd istisna olunmaqla digər kəndlərə enerji verilişi bərpa olunub. Lerik və Astara rayonlarında enerji verilişi demək olar ki, bərpa olunub. Təkcə Astaranın dağlıq Miki kəndində enerji verilişini bərpa etmək mümkün olmayıb.

Bu gün Fövqaladə Hallar Nazirliyinin mütəxəssisləri Lerik və digər rayonlarda seldən ziyan çəkmiş evlərə baxış keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar