Kürdəmir sahibkarlarına 294 min kredit verilib
26 Noyabr 2010 Cümə 15:50
Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün Kürdəmir rayonunda keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilən “Azərsun Holdinq”in Kürdəmir rayonunda inşa etdirdiyi, illik istehsal gücü 8,4 min ton olan süd emalı müəssisəsində, “AAC” MMC-nin Abşeron rayonunda illik istehsal gücü 160 min kub metr olan beton blokların istehsalı müəssisəsində və “AS Kompani” MMC-nin illik istehsal gücü 30 min ton olan əhəng istehsalı müəssisəsində aparılan tikinti işlərinə baxış keçirilib. Sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, Fond 2010-cu ilin ötən dövründə 1271 sahibkara 97,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür. Fəaliyyətində iqtisadiyyatın prioritetləri üzrə yeni yanaşma prinsiplərini tətbiq edən Fond hazırda müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələrinin qəbulunu davam etdirir.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 294 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, tədbirdə Kürdəmir rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr üzrə müzakirələr aparılıb.
DOSTLARINLA PAYLAŞ: