Kür çayı boyu bəndlərin inşası davam edir
18 Avqust 2010 Çərşənbə 22:05
Su kanalları lildən təmizlənir, yeni hidrotexniki qurğular qurulur.
Kür və Araz çaylarındakı daşqınlardan sonra demək olar ki, ən çox Sabirabadın Azadakəndində suvarma kanalları və su paylayıcı qurğuların işində problemlər yaranıb. İndi avadanlıqların bərpası və kanalların lildən təmizlənməsi prosesi həyata keçirilir.

Azadakəndi istiqamətində rayon Suvarma Sistemləri İdarəsinin ona qədər texnikası sel sularının ziyan vurduğu kanalların lildən təmizlənməsi işlərinə cəlb olunub. 20 kilometrə yaxın su kanalı lildən təmizlənir, yeni hidrotexniki qurğular qurulur.

Baş verən daşqınlar zamanı rayonun suvarma kanalları və su paylayıcı qurğularının bir hissəsi sıradan çıxıb. Onu qeyd etmək lazımdır ki, rayonun suvarma sistemləri üçün nəzərdə tutulan 200 kilometrə yaxın kanal və onlarla hidrotexniki qurğu lil qatı ilə örtülüb. Hazırda bu kanalların 171 kilometri tamamilə təmizlənərək əhalinin istifadəsinə verilib. O cümlədən 98 hidrotexniki qurğu yenidən bərpa edilib. Rayonun sel sularına məruz qalan Azadakənd, Bala Həşimxanlı və Əlibəyli kəndlərinin 5 min hektardan artıq əkin və otlaq sahəsini suvarma suyu ilə təmin edən əsas kanalda təmizləmə işləri başa çatdırılmaq üzrədir. Digər tərəfdən bu kanal yaşayış məntəqələrinə ziyan vurmadan on kublarla suyu boş sahələrə ötürmək iqtidarındadır.

20 günə yaxındır ki, Sabirabadda Kür çayı boyunca qoruyucu bəndlərin yenidən inşa edilməsinə başlanılıb. İşlərin bu istiqamətdə oktyabrın 1-nə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Hazırda Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi Ağcabədidən başlayaraq Neftçalaya qədər qoruyucu zolaqların zəif olduğu ərazilərdə bəndbərkitmə işləri ilə məşğuldur. Təkcə Sabirabad rayonu ərazisində Kür boyunca 32 kilometr məsafədən əvvəlki illərdən fərqli olaraq mühəndis-texniki normalara uyğun olan mühafizə bəndləri inşa edilir. Bu ərazidə artıq 10 kilometrə yaxın məsafədə belə bəndlər tamamilə bərpa edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar