Korrupsiyaya qarşı mübarizəni Dünya Bankının qrantı ilə əlaqələndirmək düzgün deyil
03 Mart 2011 Cümə Axşamı 13:21
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov belə deyib.
"Bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü korrupsiyanın xarakteri arasında fərqlər var. Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır. Biz də digər inkişaf etmiş ölkələr kimi korrupsiyaya qarşı mübarizə üsullarını təkmilləşdiririk". Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rəsmi "Azərbaycan" qəzetinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, iqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi də aşağı olur.
F. Ələsgərov qeyd edib ki, ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni Dünya Bankının hansısa qrantı ilə əlaqələndirmək düzgün deyil: "Biz bir çox sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və belə əməkdaşlıq bundan sonra da davam edəcək. Lakin biz korrupsiyaya qarşı mübarizəyə dövlət siyasətinin tərkib hissəsi kimi baxırıq. Bir də diqqətə çatdırmaq istərdim ki, bu mübarizə bu gün başlamayıb, neçə illərdir gedir! Sadəcə, həyata keçirdiyimiz və bundan sonra da görəcəyimiz tədbirlər keyfiyyətcə yeni məzmun kəsb edir".
PA-nın şöbə müdirinin sözlərinə görə, artıq görülən işlərin müsbət nəticələri var.
"Artıq Azərbaycan Respublikasının Prezidentinə, Prezident Administrasiyasına, Korrupsiyaya qarşı mübarizə komissiyasına bütün regionlardan çoxsaylı təşəkkür məktubları daxil olub", deyə F. Ələsgərov vurğulayıb.
F. Ələsgərov onu da bildirib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində Dövlət Gömrük Komitəsinə, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırılıb ki, Azərbaycan Respublikası ərazisinə idxal edilən nəqliyyat vasitələrinin ölkəyə daxil olduğu vaxtdan etibarən qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi prosedurların vahid bir məkanda, sadələşdirilmiş və sürətləndirilmiş şəkildə həyata keçirilməsini təmin etsinlər. Yəni, ölkəyə nəqliyyat vasitəsi gətirmiş şəxs gömrük rəsmiləşdirilməsindən başlayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasına, dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının alınmasına, nəqliyyat vasitəsinin istifadəyə verilməsinədək bütün mərhələləri bir məkanda və qısa müddətdə etmək imkanına malik olacaq.
"Bu yaxınlarda www.etika.az portalı da fəaliyyətə başlayacaq. Portal dövlət qurumları tərəfindən göstərilən xidmətlər zamanı vətəndaş və dövlət qurumları arasında yaranan etik münasibətlərlə əlaqədar maarifçilik və məlumatlandırmanı həyata keçirəcək. Saytda bütün dövlət orqanlarının etik davranış qaydaları yerləşdiriləcək. Bundan əlavə, vətəndaşların dövlət orqanlarına daha rahat müraciət etməsi üçün dövlət qurumlarının saytlarına keçidlər və müraciət etmək üçün telefonlar, elektron poçt ünvanları da yerləşdiriləcək", deyə F. Ələsgərov əlavə edib.
PA rəsmisi onu da bildirib ki, növbəti iki-üç ay ərzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaq, vətəndaşlar bu köşklərin məlumat bazasına daxil olmaqla lazımi sənədlər və ödənilməli olan dövlət rüsumu barədə məlumat əldə edə biləcək, eyni zamanda, müvafiq xidmətlər üçün pul ödənişləri də bu köşklər vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, yaxın zamanlarda tələb olunan sənədlərin siyahısı və rüsumlar barədə məlumatlar Ədliyyə Nazirliyinin saytında da yerləşdiriləcək.
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində digər tədbirlərin də görülməsi nəzərdə tutulur. Sonda bir daha təkrar etmək istərdim: bu tədbirlər sistemli və kompleks xarakter daşıyır. Korrupsiyaya qarşı mübarizə cənab Prezidentin iradəsidir. Bütün dövlət orqanları öz vəzifələrinə məsuliyyətlə yanaşmalı, peşə və etik davranış qaydalarına riayət etməli və mövcud nöqsanlarla ciddi mübarizə aparmalıdırlar, deyə Fuad Ələsgərov qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: