Korrupsiyaya qarşı mübarizə fundamental olacaq
11 Fevral 2011 Cümə 15:10
İqbal Ağazadə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ictimaiyyət nümayəndələrinin daxil edilməsini təklif edib
Milli Məclisin bu günkü plenar iclası gündəliyin yarımsaatlıq müzakirəsilə başlayıb. Çıxışların böyük hissəsi korrupsiya ilə mübarizəyə həsr olunub.
Belə ki, Milli Məclisin spikeri Bahar Muradova bildirib ki, korrupsiyaya qarşı mübarizə sadəcə kampaniya deyil, rəhbərliyin siyasətidir. Deputat İqbal Ağazadə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ictimaiyyət nümayəndələrinin daxil edilməsini təklif edib. Məqsəd komissiyanın işinin şəffaflığının və nəzarətin təmin olunmasıdır. Deputat Fazil Mustafa korrupsiyaya qarşı mübarizə təşəbbüsünü alqışlayıb. Deputat Əli Hüseynov bildirib ki, korrupsiya ilə mübarizənin məqsədi birdir - inkişaf etmiş ölkələrin sırasına daxil olmaq.
Öz növbəsində parlamentin spikeri Oqtay Əsədov deyib ki, prezident İlham Əliyev bu sahədə islahatları genişləndirməyi tövsiyə edib və bu islahatlar fundamental olacaq.
Deputat Sabir Rüstəmxanlı BMT Qaçqınlar üzrə Ali Komissarlığının yerli nümayəndəliyinin fəaliyyətindən şikayətlənib. Belə ki, qurum iranlı azərbaycanlıların üçüncü ölkəyə getməsinə imkan yaratmır. Bu səbəbdən yüzlərlə iranlı azərbaycanlı işsizdir, yaşamağa vəsaiti yoxdur.
Deputat Qüdrət Həsənquliyev vəkil Osman Kazımovun müdafiəsinə qalxıb. Belə ki, Kazımovu Vəkillər Kollegiyası üzvlüyündən məhrum etmək istəyirlər.
DOSTLARINLA PAYLAŞ: