Kənd Təsərrüfatı Nazirliyinin müəssisələrində nöqsanlar var
08 Fevral 2011 Çərşənbə Axşamı 17:20
İsmət Abbasov korrupsiyaya qarşı mübarizəni gücləndirməyi tapşırdı
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tabeçilində olan idarə və təşkilatların “2010-cu ildə kənd təsərrüfatı sahəsində görülmüş işlər və 2011-ci ildə qarşıda duran vəzifələr”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, son illər ərzində Azərbaycanda daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub. Belə ki, son 3 ildə kənd təsərrüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil edib, 2010-cu ildə təbii fəlakətlə əlaqədar taxıl və kartof istehsalının azalması istisna olmaqla, artım 5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz olub.

Onun sözlərinə görə, dənlilər və kartof istisna olmaqla bütün bitkiçilik məhsulları üzrə artım əldə edilib: “Ötən il 2 000,8 min ton dənli və dənli paxlalılar, 953,7 min ton kartof, 1 118,1 min ton tərəvəz, 433,4 min ton bostan məhsulları, 256,5 min ton şəkər çuğunduru, 37,3 min ton pambıq istehsal olunub”.

Nazir həmçinin bildirib ki, 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1 017,8 min hektarda şum qaldırılıb, dən və yaşıl yem üçün 925,9 min hektar, o cümlədən, 915,2 hektarda dən üçün payızlıq taxıl əkilib ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil edib.

Heyvandarlığın kənd təsərrüfatının prioritet sahələrindən biri olduğunu bildirən İ.Abasov qeyd edib ki, 2010-cu ildə əvvəlki ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı isə 2,4 faiz artıb: “Ötən il ərzində kənd təsərrüfatının inkişafı məqsədilə 13,405 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu vəsaitin verilməsi nəticəsində 1 066 daimi və müvəqqəti iş yerləri açılıb. Kreditlərin orta həcmi 29,9 min manat təşkil edib. Görülmüş tədbirlər nəticəsində ümumilikdə aqrar sahə üzrə 2010-cu ildə 13 495 iş yeri açılıb ki, onun da 7 483-ü daimi iş yerləridir”.

İ.Abasov ötıən il bir sıra kənd təsərrüfatı məhsulları istehsalında yol verilmiş nöqsanların aradan qaldırılması, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq dövlət proqramında nəzərdə tutlmuş müddəaların və 2011-ci ildə qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar verib.

Nazirliyin yaydığı məlumatda bildirilri ki, tədbirdə həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi vurğulanıb. Belə ki, nazirliyin dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində təsərrüfat fəaliyyətinin araşdırılması nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib. Nəticədə, bir neçə şirkətin nümayəndələri işdən azad olunub, həbs edilib.

Məlumatda hansı müəssisələrin nümayəndələrinin həbs olunması barədə ətraflı məlumat verilməyib.

Kollegiya iclasının sonunda görülən tədbirlərin davam etdirilməsi, korrupsiyaya qarşı qabaqlayıcı, profilaktiki mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə nazirliyin şöbə, Dövlət Agentlikləri və Xidmətlərinin, “Aqrolizinq” ASC-nin rəhbərlərinə tapşırıqlar verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar