Jurnalistlər üçün 3-4 otaqlı mənzillərin tikilməsi planlaşdırılır
24 İyul 2010 Şənbə 10:30
Jurnalistlər üçün 3-4 otaqlı mənzillərin tikilməsi planlaşdırılır. Artıq bu yöndə məsləhətləşmələrə başlanılıb.
Jurnalistlər üçün evlərin tikintisinin nə zaman başlanılması barədə danışıqlar aparılır. Bunu Milli.Az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, qurum gələn həftənin əvvəlindən təklif olunan yerlərlə tanış olacaq.
"Münasib yer müəyyənləşdirildikdən sonra həmin yerə uyğun olaraq, tikiləcək binanın layihəsi hazırlanacaq. Bundan sonra 5 milyon manata neçə mənzillin tikintisinin mümkünlüyü məlum olacaq. Bununla bağlı biz jurnalist təşkilatları ilə geniş müzakirələr aparacağıq və bu mənzillərin bölünməsi barədə xüsusi komissiya yaradılacaq. Toplanmış bütün sənədləri məhz bu komissiya araşdıracaq. Yəqin ki, bu iş fonda həvalə edildiyi üçün sənədlər fondda qəbul olunacaq. Biz sənədlərin hansı formada və qaydada tələb olunduğunu elan edəcəyik. Jurnalistlərimizin illər boyu həsrətlə gözlədiyi, dövlət tərəfindən verilməsini arzu etdikləri mənzil məsələsi artıq reallaşacaq”, deyə V. Səfərli qeyd edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktorunun sözlərinə görə, neçə jurnalistin mənzillə təmin olunacağını isə hələlik demək mümkün deyil. Belə ki, 1 - 4 otaqlı deyil, 2 - 3 otaqlı mənzillərin tikintisi nəzərdə tutulub: “Artıq mütəxəssislərlə məsləhətləşmələr aparırlar. Bundan sonra 5 milyon manata neçə kvadratmetrlik binanın tikiləcəyi məlum olacaq. Layihə ilı bağlı ictimaiyyətə və mətbuata mütəmadi olaraq məlumat ötürüləcək. Mənzillər, əlbəttə, mənzilə ehtiyacı olanlara veriləcək. Bu, hələlik, gələcəyin işidir, hazırda təşkilati işlərə başlamalıyıq”.
Qeyd edək ki, prezidentin sərəncamına əsasən, mətbuat işçiləri üçün yeni mənzillərin tikintisinə 5 milyon manat vəsait ayrılıb. Vəsaitin fonda keçirilməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: