İtaliya çempionatı: “Milan” “Katanya”nı məğlub etdi
30 Yanvar 2011 Bazar 03:40
“Bavariya”dan transfer olunan hollandiyalı Mark van Bommelin debütünü qırmızı kart pozdu.
“Milan” futbol klubu İtaliya çempionatı çərçivəsində səfərdə “Katanya”dan güclü olub. “Ancelo Massimino” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Massimiliano Alleqrinin yetirmələrindən 58-ci dəqiqədə Robinyo, 85-ci dəqiqədə isə Zlatan İbrahimoviç fərqləniblər.
“Milan”ın heyətində bu həftə Münhen “Bavariya”sından transfer olunan hollandiyalı Mark van Bommel debüt edib. Amma o 54-cü dəqiqədə ikinci sarı kartla meydandan qovulub.
“Katanya” üzərində səfər qələbəsindən sonra “Milan” xallarının sayını 47-yə çatdırıb və turnir cədvəlinə liderliyi davam etdirir. O, ehtiyatda bir oyunu olan “Latsio” və “Napoli”ni 7 xal qabaqlayır. ANSPRESS