İSRTürkiyədə 7 ulduzlu otelə sahib olub
17 Dekabr 2010 Cümə 19:35
Söhbət "İstanbul Edition Hotel"dən gedir
Azərbaycanın özəl sektorunun ən iri qurumlarından biri olan “İSR” şirkətlər qrupu turizm sektoruna sərmayə yatırmaqda davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda 3 otelə malik olan şirkətlər qrupu Türkiyədə 2 hotel əldə edərək otellərinin sayını 5-ə çatdırıb. Alınmış otellərdən biri Bodrum şəhərində yerləşən “Bodrum Princess Deluxe Resort and SPA” otelidir. “Hilton International” ilə əldə edilmiş razılaşmaya əsasən 2011-ci ildən etibarən otel “Hilton Bodrum Turkbuku Hotel” adı ilə fəaliyyətini davam etdirəcək. Bodrumun ən gözəl yerlərindən biri olaraq qəbul olunan Türkbükü ərazisində yerləşən bu oteldə 432 Standart, 46 Junior suit, 6 Dublex suit, 2 King suit otaqlar, 11 villa və VIP villa mövcudur. Oteldə dincəlmək və əylənmək üçün hər bir şərait var.

Türkiyədə digər bir oteli “İSR” şirkətlər qrupu “Palmalı” şirkətlər qrupu ilə ortaq şəkildə əldə edib. İstanbul şəhərində yerləşən və “İstanbul Edition Hotel” adlanan həmin otel Türkiyənin ilk 7 ulduzlu otelidir. Otelin dizaynı tanınmış dizayner “İan Schrager” tərəfindən işlənilib. Oteldə dünyada tanınmış “Cipriano” restoranı, “Millioner Club”, ”Roze bar”, “S-bar” və İstanbulda ən böyük, lüks SPA mərkəzi fəaliyyət göstərir. Otelin yuxarı son mərtəbəsində isə ümumi sahəsi 450 m2 olan Prezident suit yerləşir. Həmçinin ooteldə əlamətdar tədbirlərin keçirilməsi üçün möhtəşəm banket zalı da mövcuddur. Şəhərin tam mərkəzində yerləşən “İstanbul Edition Hotel” dünyadakı 8 Edition oteldən biridir.

Türkiyədə alınmış hotelləri “İSR” Şirkətlər qrupunun bu ilin iyul ayında həmin ölkədə yaratdığı “İSR Turizm İşletmeleri ve Ticaret Anonim Şirketi” idarə edəcək.

Qeyd edək ki, “İSR” şirkətlər qrupu 1995-ci ildən fəaliyyət göstərir. Şirkət nəqliyyat, daşınmaz əmlak, ticarət və xidmət sahələrinə sərmayə yatırıb. “İSR” şirkətlər qrupuna “Bakı Əyləncə Mərkəzi”, “Nərgiz Ticarət Mərkəzi”, “Toyota Bakı Mərkəzi”, “İSR Residence-I” və “İSR Residence- II” elit yaşayış kompleksləri, Bakı Avtomobil Bazarı, “Azər-Yod” yod-brom zavodu, “Park İnn Azərbaycan, “ISR Plaza”, “Radisson Hotel” və 2011-ci ildə istifadəyə veriləcək “Hilton Baku Hotel”i və digər onlarla şirkətlər daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar