İsmayıllı meşələri yanır
04 Avqust 2010 Çərşənbə 18:30
İsmayıllı meşələri yanır. Yanğının söndürülməsinə texnika və bir helikopter cəlb olunub.
Bu saatlarda İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığındakı meşə massivində yanğın qeydə alınıb. ANS-in hadisə yerində olan bölgə müxbirinin verdiyi xəbərə görə, alov hündür dağ massivində təxminən 40 hektardan çox ərazini əhatə edir. Yanğının söndürülməsinə yağınsöndürən maşınlar və bir helikopter cəlb olunub.

Lənkəran və Lerik rayonlarının meşə massivlərində də yanğın baş verib. Lerik rayonununda baş verən yanğın qısa müddətdə Lənkəran meşələrinə keçib. Lənkəranın Leriklə həmsərhəd Havzava ərazisində başlanan yanğının söndürülməsinə xeyli sayda canlı qüvvə cəlb olunub.

Ərazi sıldırım qayalıq olduğundan maşın və texnikanın köməyindən istifadə etmək mümkün olmayıb. Alovun qarşısı bu gün səhər saat 6 radələrində alınıb. Lənkəran rayon Yanğından mühafizə Hissəsinin rəis müavini Saleh Ağayevin ANS-ə verdiyi məlumata görə, yanğın nəticəsində Lerikdə 5 hektar, Lənkəranda isə 1 hektar ərazidə meşə örtüyünə ziyan dəyib. Alovun qarşısının vaxtında alınması səbəbindən əsas meşə örtüyü ciddi ziyan çəkməyib. Əhalinin məskunlaşmadığı, gediş-gəlişin demək olar ki, olmadığı ucqar ərazidə meşə yanğınının baş vermə səbəbləri araşdırılır.

Quba rayonunun Pirvahid kəndi yaxınlığındakı meşə massivində dünən axşam saatlarında baş verən yanğın da bu gün səhər söndürülüb. Alovun qarşısının alınmasına ümumilikdə 4 yanğınsöndürən maşın cəlb edilib. Taxıl zəmilərindən başlayan yanğın bələdiyyə torpaqlarına məxsus ərazilərə keçib. Yanğın ümumilikdə 30 hektar ərazini əhatə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar